Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin Şah əsəridir.

Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin Şah əsəridir.

                                                                                  Bu Konstitusiyanı işləyib hazırlayanda bizim məqsədimiz Azərbaycan xalqına, dövlətinə, dövlətçiliyə, müstəqilliyimizin                                                                                                  əbədiləşdirilməsinə xidmət etmək olubdur. Sivil, hüquqi, demokratik dövlət quruculuğu prosesini gücləndirmək olubdur. Biz                                                                                       bunu etmişik, xalq da bizi dəstəkləyibdir.                         
                                                                                    Ümummilli Lider Heydər Əliyev.
Hər il noyabr ayının 12-si müstəqil Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. 30 il öncə, yəni 1995-ci il noyabr ayının 12-də Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiyamız hazırlanaraq ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Konstitusiyanın milli dövlətçilik tarixində formalaşdırdığı həlledici rol nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. 
Azərbaycan xalqının Vətən müharibəsində qələbəsinin 5-ci ildönümü, müstəqil dövlət üçün əsas şərtlərdən olan suverenliyin bərpa edilməsi, 30 il əvvəl ilk Konstitusiyanın qəbulunun ölkənin müstəqillik tarixinin mühüm hadisələrindən biri kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edildi.
«Konstitusiya» termini latın sözü olub təsis etmə, «quruluş» mənasını verir. Hər bir dövlət üçün Konstitusiya ən mühüm hüquqi sənəddir. Konstitusion dövlətçilik anlayışı dövlətin hüquqi əsaslar üzərində qurulmasını, dövlət hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırılmasını və hüquqi prinsiplərə uyğun fəaliyyət göstərməsini ifadə edir. Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ali qanundur.  Konstitusiya dövlətin qanunvericilik sisteminin bünövrəsini, siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təşkil edir. Konstitusiya dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini, dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını, məhkəmə hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların hüquq və azadlıqlarını müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.
Azərbaycan Respublikasının Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tam olaraq tətbiqinə imkan verməmişdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.
Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da                      I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
         Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsinin hazırlanması üzərində ciddi iş başlanılmışdı.1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci ildə Konstitusiya layihəsi hazırlanmasına bilavasitə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev vurğulamışdı ki, "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun". 30 il bundan öncə Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqlik, suveren, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətini bərqərar etmək kimi ülvi niyyətlər bəyan edilməklə 12 noyabr 1995-ci ildə Azərbaycanın Respublikasının Əsas Qanunu - Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. Konstitusiya uzun müddətdən sonra yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ictimai-siyasi, hüquqi quruluşunu, gələcək inkişaf istiqamətini müəyyən etdi. Bu tarixi sənəd  Ümummili Lider Heydər Əliyevin dövlət quruculuğundakı müstəsna xidmətlərinin və strateji liderliyinin ən parlaq nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən biri yeni hüquq sisteminin formalaşması, bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazasının yaradılması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur.
Ümumilikdə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.
Müstəqil dövlətin əsas şərtlərindən biri isə suverenlikdir ki, o da dövlətin və xalqın suverenliyi olaraq fərqləndirilir. Dövlətin suverenliyi dövlət hakimiyyətinin vahidliyində və aliliyində, onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur. Lakin dövlətin suverenliyi də hədsiz deyil, o, xarici münasibətlərdə beynəlxalq hüququn hamılıqla tanınmış norma və qaydaları, daxili münasibətlərdə isə qanunlarla məhdudlaşır. Konstitusiyanın "Azərbaycan dövləti" adlanan 7-ci maddəsinin I hissəsində də qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.
Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni realliqlar şəraitində müstəqil siyasətini  daha cəsarətlə,prinsipallıqla davam etdirir.Konustitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. 

Naxçıvan Muxtar Respublikası Prokurorunun
köməkçisi (Mətbut xidməti üzrə)
ədliyyə müşaviri Səttar Əsgərov